Kommunal xidmətlər: Niyə qiymət qalxır, keyfiyyət yox? | TƏHLİL

      Kommunal xidmətlər:    Niyə qiymət qalxır, keyfiyyət yox?    | TƏHLİL
  26 Yanvar 2025    Oxunub:622
Tarif Şurası hər dəfə xidmətlər üzrə qiymətlərə dəyişikliklər edəndə çoxları bunu narazılıqla qarşılayır. Halbuki, belə addım ən tezi 4-5 ildən bir edilir. Məsələn, bundan əvvəl elektrik enerjisi üzrə tariflərin tənzimlənməsinə dair qərar sonuncu dəfə 16 oktyabr 2021-ci il tarixdə qəbul edilmişdi. Təbii qaz üzrə də həmçinin. “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmət tariflərinin tənzimlənməsi barədə sonuncu qərarsa 2011-ci il 24 noyabr tarixdə qəbul olunmuşdu.
Bu müddətdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artaraq 130 manatdan 345 manata, minimum aylıq pensiya məbləği isə 2,5 dəfə artırılıaraq 110 manatdan 280 manata çatıb. Ölkə üzrə orta aylıq nominal əməkhaqqı göstəricisində 70%-dən çox, median əməkhaqqında 2,1, əməkhaqqı fondunda 2,5, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə isə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,9 dəfə artım əldə olunub. Qeyd olunan müddətdə qanunvericiliyin tələbindən irəli gələrək pensiyaların indeksləşdirilməsi də aparılıb (Yəni, hər il əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinə uyğun çoxaldılıb). Bütün bunların müqabilində kommunal xidmət tarifləri artırıla bilinməzmi?! Biz axı həm də keyfiyyətli kommunal xidmətlər istəyirik...

Vətəndaşlarımızın çoxu elə düşünürlər ki, hər şeyin qiyməti dəyişə bilər, amma kommunal xidmətlərin yox. Bu, düzgün yanaşma deyil. Ən azı, istehlak bazarında qiymət artımlarını nəzərə almaq kifayətdir. 2022-ci ildə ölkəmizdə inflyasiya ikirəqəmli səviyyədə - 13,9% qeydə alınmışdı. Həmin il kommunal xidmət tariflərində dəyişiklik olmamışdı.

Ümumiyyətlə, kommunal xidmət tariflərinin həddi istehlak qiymətləri indeksinə ciddi təsir etmir. Ölkədə inflyasiyaya əsas təsir və təzyiq kənardan gəlir. Hətta maaş və pensiya artımları da ciddi rol oynamır. İnflyasiyanı yaradan daxili bazarımızın idxaldan asılı olmasıdır.

Problem ondan ibarətdir ki, Tarif Şurası tərəfindən bu cür qiymət artımı ilə kommunal xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq mümkün deyil. Ümumiyyətlə, qəpiklərlə artım sayəsində bu sahədə heç bir irəliləyiş əldə etmək olmaz. Qeyd olunan sektora investisiya lazımdır. Bundan ötrü kommunal xidmət göstərən sahələr özəlləşdirməli, yaxud, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmalıdır. Dövlət və hökumət qeyd olunan sahələrin idarə olunmasından yaxasını qurtarmalıdır.

Yeri gəlmişkən, son tarif dəyişikliklərində də əvvəlkitək ciddi çatışmazlıq, hesabatsızlıq, hətta savadsızlıq vardı. Məsələn, təbii qaz sarıdan əhali üzrə illik istehlak həcmi:
• 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
• 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
• 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

“1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb” deyilir. Nəzərə alınmır ki, ucqar dağ kəndlərində, eləcə də Bakı və Sumqayıt, o cümlədən digər sənaye şəhərlərində istiliklə təchiz olunmayan yüzlərlə vətəndaşlarımız təbii qaz istehlakı sahəsində hər il 2 500 kubmetrdən çox olan hissəni fevralın əvvəlində, böyük malikanə sahiblərindən öncə keçərək, daha çox vəsait ödəmək məcburiyyəti qarşısında qalırlar.

Odur ki, tarif dəyisikliyindən sonra əhalinin orta aylıq xərcinin 48% abonent üzrə 32 qəpik, 39% abonent üzrə 1 manat 43 qəpik,13% abonent (daha çox istehlak edən) üzrə 7 manat 46 qəpik təşkil edəcəyi düzgün hesablanma deyil. Elektrik istehlakı sarıdan da vəziyyət eynidir.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Kommunal  





Xəbər lenti